Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün qardaş ölkədə ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyənin Birinci Liqa təmsilçisi “Çorum”la üz-üzə gəlib.
Bolunun Gerede bölgəsindəki “The Sign” otelinin meydançasında keçirilmiş oyunda qalib müəyyənləşməyib. 6-cı dəqiqədə “Çorum” Ezenin vurduğu qolla hesabda önə keçib. “Turan Tovuz” ilk yarının sonuna kimi buraxılmış qolun əvəzini çıxa bilib. Roderik Miller komandasının bərabərlik qoluna imza atıb. İkinci hissədə başqa qol qeydə alınmayıb və matç 1:1 hesabıyla bitib.
Kurban Berdiyev bu oyunda aşağıdakı heyətə güvənib:
Əsas heyət: Sergey Samok, Emmanuel Hakman (k), Roderik Miller, Hayderson Hurtado, Abdulla Rzayev, Faiq Hacıyev, Rəhim Sadıxov, Xəyal Nəcəfov, David Tavares, Roberto Olabe, Aleks Souza.
Ehtiyat oyunçular: Mehman Hacıyev, Ayxan Abbaszadə, Şəhriyar Əliyev, Rüfət Əhmədov, Fərid Yusifli, Tural Bayramlı, Sadiq Şəfiyev, İbrahim Ramazanov, Raul Məmmədov, İsmayıl İsmayılov, Murad Dadaşev, Vüqar Bağırov.
Xatırladaq ki, “Çorum”da Azərbaycan millisinin dayaq yarımmüdafiəçisi Coşqun Diniyev çıxış edir. Azərbaycanlı futbolçu da bu oyunda öz həmyerlilərinə qarşı oynayıb. Diniyevin komandası bu yay keçirdiyi ilk yoxlama oyununda digər Azərbaycan klubu “Zirə” ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu.


