Tyaqo Alkantara futbolçu karyerasını başa vurdu

Futbol üzrə İspaniya milli komandasının və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tyaqo Alkantara karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə italiyalı futbol insayderi Fabritsio Romano sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.

Onun sözlərinə görə, 33 yaşlı ispaniyalı bundan sonra futbolda başqa rolda təmsil olunacaq.

Xatırladaq ki, daha öncə mətbuatda idmançının Hansi Flikin “Barselona”dakı məşqçilər korpusuna keçə biləcəyi barədə məlumatlar yayılmışdı.

Tyaqo Alkantara “Barselona” futbol akademiyasının yetirməsidir. Bir müddət “Bayern”də çıxış etmiş yarımmüdafiəçini “Liverpul” 2020-ci ilin sentyabrında 22 milyon avro məbləğində öz heyətinə qatıb. Zədədən əziyyət çəkən yarımmüdafiəçi 2022/2023 mövsümündə cəmi 1 oyunda “qırmızılar”ın heyətində meydana çıxıb, məhsudar fəaliyyəti ilə diqqət çəkməyib. Bu üzdən də o, mövsüm bitən kimi – 2023-cü ilin yayında “Liverpul”dan ayrılmışdı. Həmin vaxtdan klubsuz olan futbolçu karyerasını məhz bu yay bitirməyə qərar verib.

Ümumilikdə Alkantara “Liverpul” üçün 98 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə verib.

Alkantara “Liverpul”la İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu və İngiltərə Super Kubokunu qazanıb. Həmçinin ispaniyalı yarımmüdafiəçi “qırmızılar”la Çempionlar Liqasının finalçısı olub.

İspaniyalı futbolçu “Barselona” və “Bayern”lə də çoxsaylı titullar qazanıb. O, bu klubların hərəsi ilə bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 7 dəfə Almaniya, 4 dəfə İspaniya çempionu olmuş Tyaqo, kubok və superkuboklarda da qələbə sevinci yaşayıb.

Tyaqo Alkantara 2011-ci ilin avqustunda debüt etdiyi İspaniya yığmasının heyətində 46 oyun keçirib, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: