Tyaqo Mendes Lion “Olimpik”ini Qətər klubuna dəyişdi

Fransanın “Olimpik” (Lion) klubunun braziliyalı yarımmüdafiəçisi Tyaqo Mendes Qətər təmsilçisi “Əl-Rayyan”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi məlumat yayıblar.

Fransa klubu bu transferdən 5 milyon avro qazanıb. 31 yaşlı mərkəz yarımmüdafiəçisi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Tyaqo Mendes Lion “Olimpik”inə 2019-cu ilin iyul ayında Fransanın digər klubu “Lill”dən 22 milyon avro qarşılığında transfer olunmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 143 oyunda 2 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli yarımmüdafiəçi daha öncə “Lill” (71 oyun, 4 qol, 8 assist), “Qoyas” (117 oyun, 5 qol, 4 assist) və “San Paulo”da (90 oyun, 5 qol, 4 assist) da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: