Futbol üzrə UEFA Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında bu həftə üçün ən yaxşı oyunçuların adları açıqlanıb. Arena.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında aparılan sorğunun yekununda hər 3 turnirdə həftənin ən yaxşıları bəlli olub.
Çempionlar Liqasında 1/8 finalın 4 cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu “Mançester Siti”nin (İngiltərə) hücumçusu Erlinq Haland seçilib. Norveçdən olan 22 yaşlı forvard “Leypsiq”ə (Almaniya) 7:0 hesabıyla qalib gəldikləri cavab matçında beş qol vurub.
Çempionlar Liqasında həftənin ən yaxşısı oyunçusu adına Hakan Çalhanoğlu (“İnter”), Kərim Benzema (“Real”) və Viktor Osimhen (“Napoli”) də namizəd idi.
Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu “Sportinq”in (Portuqaliya) qapıçısı Antonio Adan seçilib. Portuqaliyadan olan 35 yaşlı qolkiper London “Arsenal”ına (Almaniya) qarşı keçirdikləri oyunda (1:1, penaltilər 5:3) 7 seyvlə diqqət mərkəzinə düşüb.
Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”), Kazemiro (“Mançester Yunayted”) və Lazare Amani (“Yunion”) də namizəd idi.
Konfrans Liqasında isə 1/8 finalın cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına “Gent”in (Belçika) hücumçusu Gift Emmanuel Orban layiq görülüb. Nigeriyadan olan 23 yaşlı forvard “Başakşəhər”ə (Türkiyə) 4:1 hesabıyla qalib gəldikləri səfər matçında het-trikə imza atıb.
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına Yesper Karlsson (“Alkmaar”), Bart Verbruggen (“Anderlext”) və Carrod Bouen (“Vest Hem”) də namizəd idi.


