UEFA həftənin oyunçusu adına namizədləri açıqladı

UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb. Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.

Çempionlar Liqasında namizədlər bunlardır: Rodri və Bernardo Silva (hər ikisi “Mançester Siti”, İngiltərə), Lautaro Martines və Hakan Çalhanoğlu (hər ikisi “İnter”, İtaliya).

Bernardo Silva Madrid “Real”ına doğma meydanda 4:0 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb. O, həm də 11.20 km məsafə qət edib, 92 faizlik dəqiq ötürmə ilə yadda qalıb. Rodri isə həmin oyund 12.02 km məsafə qət edib, 93 faizlik dəqiq ötürmə ilə yadda qalıb.

Lautaro Martines “Milan”a 1:0 hesabıyla qalib gəldikləri matçda komandasının yeganə qolunu vurub. Hakan Çalhanpğlu isə bu oyunda 11.09 km məsafə qət edib, 94 faizlik dəqiq ötürmə müəllifi olub.

Avropa Liqasında namizədlər bunlardır: İvan Rakitiç, Erik Lamela (hər ikisi “Sevilya”, İspaniya), Nemanya Matiç (“Roma”, İtaliya) və Florian Virts (“Bayer”, Almaniya).

Erik Lamela “Yuventus”a 2:1 hesabıyla qalib gəldikləri ev oyununda 1 qol və 1 asist müəllifi olub. İvan Rakitiçin isə bu matçdakı ötürmələrinin 91 faizi dəqiq olub.

Nemanya Matiç də Almaniyanın “Bayer” komandası ilə qolsuz bitən səfər oyununda 81 faizlik dəqiq ötürmə ilə seçilib. Florian Virts də eyni oyunda 88 faizlik dəqiq ötürmə edib.

Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Nikolas Qonsales, Kristiano Biraqi (hər ikisi “Fiorentina”, İtaliya), Deklan Rays (“Vest Hem”, İngiltərə) və Ticani Reynders (“Alkmaar”, Niderland).

Nikolas Qonsales İsveçrə “Bazel”inə səfərdə 3:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb. Kristiano Biraqi isə 83 faiz dəqiq ötürmə edib.

Deklan Raysın “Alkmaar”a 1:0 hesabıyla qalib gəldikləri matçdakı bütün ötürmələri dəqiq (100 faizlik nəticə) olub. Rəqib futbolçu Ticani Reyndersin isə ötürmələrinin 84 faizi dəqiq olub.

Hər üç turnir üzrə qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin yekununda bəlli olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: