“Çarlton” “Vest Hem”lə anlaşaraq irland dayaq yarımmüdafiəçisi Konor Koventrini tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə “Çarlton”un mətbuat xidmətinə istinadən məlumat verir.
Transfer “qırmızı ordu”ya 1,16 milyon avro məbləğində başa gəlib. “Çarlton” Koventri ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdə olacaq müqavilə imzalayıb.
Konor Koventri “Vest Hem”in yetirməsidir. “Çəkicdöyənlər” irland “dayaqçı”nı əsasən İngiltərə daxilində icarələrdə oynadıblar. Koventri karyerası ərzində “Linkoln Siti”, “Piterboro”, “MK Dons” və “Roterem”də çıxış edib.
Konor Koventri cari mövsümdə “Çarlton”un heyətində arıtq 2 oyunda çıxış edib, 89 dəqiqə meydanda olub, amma məhsuldar fəaliyyti ilə diqqət çəkməyib.
Konor Koventrinin qənimətlər muzeyində “Vest Hem”lə qazandığı 2022/2023 mövsümü Avropa Konfrans Liqası çempionluğu var.
Konor Koventri İrlandiya Respublikası yığmasına dəvət alsa da, hələ debüt imkanı qazanmayıb. Yarımmüdafiəçinin İrlandiya Respublikasının U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oyun təcrübəsi var.
“Transfermarkt” internet-portalı 23 yaşlı irland dayaq yarımmüdafiəçisinin transfer dəyərini 1,50 milyon avro məbləğində qiymətləndirir.



