Viktor Nelsson “Qalatasaray”la yubiley matçına çıxır

“Qalatasaray”ın danimarkalı müdafiəçisi Viktor Nelsson Türkiyə təmsilçisinin heyətində yubiley matçına çıxmağa hazırlaşır.

Arena.az xəbər verir ki, o, dekabrın 12-də UEFA Çempionlar Liqasında “Kopenhagen”lə səfər matçında meydana çıxsa, 100-cü dəfə “sarı-qırmızılı” formanı geyinəcək.

Ölkəsinin “Nordselland” komandasının akademiyasında futbola başlayan Nelsson 2016-cı ildə yüksəldiyi əsas komandada 98 rəsmi matça çıxıb. 2019-cu ildə göstərdiyi performansla “Kopenhagen”ə transfer olan mərkəz müdafiəçisi orada da 87 matçda iştirak edib.

2021-ci ilin avqustunda 7 milyon avro qarşılığında “Qalatasaray”a gələn Nelsson İstanbul təmsilçisinin önəmli oyunçularından birinə çevrilib. 5 illik müqaviləyə imza atan müdafiəçi təxminən 2,5 il ərzində 99 rəsmi matçda meydana çıxmağı bacarıb.

Nelsson 79 dəfə Super Liqada, 9 dəfə UEFA Çempionlar Liqasında, 8 dəfə Avropa Liqasında və 3 dəfə də Türkiyə Kubokunda bu klubun formasını geyinib.

Viktor Nelsson ilk mövsümdəki performansı ilə əsas heyətin dəyişməz oyunçularından biri olmuşdu. Bu komandaya qoşulan kimi formanı qazanan Nelsson 2021/2022 mövsümündə Super Liqada 36 matça çıxıb və 1 qol vurub. Danimarkalı müdafiəçi komandasının tarixində ən pis çıxış etdiyi və 13-cü yeri tutduğu mövsümdə diqqət çəkən nadir futbolçulardan biri idi. Super Liqadan fərqli olaraq, Avropa Liqasında yaxşı çıxış edən Nelsson 8 dəfə orada, bir dəfə isə Türkiyə Kubokunda mübarizə aparıb. Nelsson “sarı-qırmızı”lı komanda ilə ikinci mövsümündə isə çempionluq sevinci yaşayıb.

Baş məşqçi Okan Buruk şans verərsə, Viktor Nelsson keçmiş komandası “Kopenhagen”ə qarşı 100-cü dəfə “sarı-qırmızı”lı forma geyinəcək.

“Qalatasaray” UEFA Çempionlar Liqasının A qrupunun 6-cı və son turunda dekabrın 12-də Danimarka təmsilçisi “Kopenhagen”in qonağı olacaq. Bu komandanın Avropadakı taleyini həll edəcək kritik matç Nelsson üçün iki fərqli məna daşıyacaq.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: