Vilyam Saliba: “Mən həmişə ayıq-sayığam”

“Arsenal”ın və Fransa yığma komandasının mərkəz müdafiəçisi Vilyam Saliba özünün diqqət səviyyəsindən danışıb.

Arena.az Salibanın bu barədə fikirlərini təqdim edir:

“Aydındır ki, daha da yüksəlmək üçün hələ də çalışmalıyam. Diqqəti cəmləmək, mövsüm boyu həqiqətən sabit olmaq və bəlkə də ildə ancaq bir və ya iki oyunumda işlərim pis gedəcək. Diqqətcilliyimə gəlincə, bu, daha da yaxşı olub. Əvvəllər ən yüksək səviyyədə oynamağı, incə qərarlar verməyi bacarırdım, amma azacıq özümü itirirdim. Bu, artıq belə deyil. Mən həmişə ayıq-sayıq oluram”, deyə Saliba vurğulayıb.

Xatırladaq ki, Vilyam Salibanın valideynləri əslən Kamerundandırlar. Saliba İl-de-Frans bölgəsinin Sen-Sen-Deni departamentinin Bondi kommunasında dünyaya gəlib. Vilyam elə, yerli “Bondi”də də futbolda ilk addımlarını atıb. Buradan “Monfermey”, ardında isə “Sent-Etyen”ə keçmiş Saliba böyük futbolda debüt edib. 2019-cu ilin iyulunda “Arsenal” 30 milyon avro müqabilində Salibanı “topçular”ın düşərgəsinə qatıb və futbolçusunu bir müddət elə, “Sent-Etyen”ə, ardınca “Nitsa” və Marsel “Olimpik”inə icarələrə göndərib. 2022-ci ilin iyununda “Arsenal” artıq püxtələşmiş futbolçusunu heyətinə geri qaytarıb. Fransalı müdafiəçinin London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Vilyam Saliba 2023/2024 mövsümündə “topçular”ın heyətində 50 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Salibanın “Arsenal”ın heəytində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə təsvir yaradır: 83 oyun, 5 qol, 2 məhsuldar ötürmə.

Saliba Fransanın Olimpiya yığması da (U-23) daxil olmaqla, U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə uzun bir yol gəlib və 2022-ci ilin martında “xoruzlar”ın əsas yığmasında debüt edib. Saliba Fransa yığmasında 15 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Vilyam Salibanın qənimətlər muzeyində “Arsenal”la qazandığı 2 İngiltərə Super Kuboku (2020/2021, 2023/2024) var. “Xoruzlar”la isə Saliba DÇ-2022-nin gümüş mükafatçısı olub.
Fərdi mükafatlara gəlincə, Vilyam Saliba 2022-ci ildə Fransa Liqa 1-in ən yaxşı gənc oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı mərkəz müdafiəçisi Vilyam Salibanın transfer dəyətini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: