İspaniyanın “Vilyarreal” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Kike Setyen çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
İspaniyalı baş məşqçi bu vəzifədə İngiltərənin “Aston Villa” komandasının sükanı arxasına keçən həmyerlisi Unai Emerini əvəzləyib. Hansı ki, Emeri də Premyer Liqa klubunda istefaya göndərilmiş Stiven Cerrardı əvəz etmişdi.
Xatırladaq ki, Kike Setyen 2020-ci ildə “Barselona”dan ayrıldıqdan sonra işsiz idi. O, daha öncə “Betis”, “Las Palmas”, “Luqo”, “Loqrones”, “Rasinq Santander” kimi klublarda baş məşqçi kimi işləyib.
“Vilyarreal” bu mövsüm La Liqada 11 oyuna 18 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.


