Vinisius Junior 2023-cü ilin ən yaxşı braziliyalı futbolçusudur

“Real”ın sol vingeri Vinisius Junior 2023-cü ilin ən yaxşı braziliyalı futbolçusu olaraq “Samba Gold” mükafatına layiq görülüb.

Arena.az məlumat verir ki, “Vinni” səsvermədə böyük üstünlük qazanıb.

2-ci yeri yeri Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının hücumçusu Neymar, 3-cü yeri isə PSJ-nin mərkəz müdafiəçisi və kapitanı Markinyos tutub.

Mükafat 2008-ci ildə təsis edilib və onun ilk sahibi “Real”ın yarımmüdafiəçisi Kaka olub. 2021-ci ilə qədər “Samba Gold” Avropada oynayan ən yaxşı braziliyalı oyunçuya təqdim edilirdi. 2021-ci ildən başlayaraq, dünyanın hər yerindən braziliyalı futbolçular mükafata namizəddirlər.

Vinisius Junior “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində 13 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 238 oyun, 65 qol, 68 məhsuldar ötürmə.

“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 26 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius 150 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, hazırda Vinisius aldığı omba zədəsinin müalicəsi ilə məşğuldur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: