“Real”ın vingeri Vinisius Junior İspaniya Super Kubokunda “Barselona” ilə “el klasiko”da rəqib futbolçularla münaqişəsini şərh edib.
Arena.az xatırladır ki, oyunda hesab 4:1 “Real”ın xeyrinə ikən “Barselona”nın uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo meydandan qovulub.
Kataloniyalılar Arauxonun qırmızı vərəqəsinə hiddətlənməyə başladıqda isə Vinisius “Barselona”nın futbolçularına, həmçinin kataloniyalıların ehtiyat oyunçular skamyasına oyunun hesabını göstərib.
“Çox kədərlənirəm, çünki hamı mənimlə münaqişə etmək istəyir, çünki mətbuatda görünəcəklərini bilirlər. Uğur qazanmaq üçün bütün diqqətimi oyuna yönəltməyə çalışıram. Mən müqəddəs deyiləm. Bəzən çox danışıram və ya gərək olmayanda topu aparıram, amma təkmilləşmək üçün buradayam. Ançelotti və komanda yoldaşlarım məni öyrədirlər”, – “Ok Diario” dərgisi Vinisius Juniordan sitat gətirir.
Xatırladaq ki, “Real” və “Barselona”nın qarşılaşdığı İspaniya Super Kubokunun final oyunu Səudiyyə Ərəbistanının “Əl-Əvval Park” stadionunda baş tutub. Oyunu Xuan Martines Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “Real” “Barselona”nı 4:1 hesabı ilə darmadağın edərək, İspaniya Super Kubokunun 40-cı – 2023/2024 mövsümünün qalibi olub.
Bu, “Real”ın müvafiq yarışda 13-cü qalibiyyətidir. “Barselona”nın isə İspaniya Super Kubokunda 14 qalibiyyəti var.
Vurğulayaq ki, Vinisius Junior bu oyunda “kral klubu”nun əzəli rəqibin qapısından 3 top keçirib.
Vinisius “Flamenqo”nun yetirməsidir və “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 9 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 241 oyun, 68 qol, 68 məhsuldar ötürmə.


