Vinisius Junior BMT-nin insan hüquqları üzrə idman səfiri oldu

“Real”ın braziliyalı vingeri Vinisius Junior Beynəlxalq Milllətlər Təşkilatının (BMT) insan haqları üzrə idman səfiri olduğunu açıqlayıb.

Arena.az məlumat verir ki, Vinisius bu barədə özünün sosial şəbəkə hesablarından biri üzərindən yazıb:

“Mənim üçün bu xüsusi il idmanda və cəmiyyətdə qərəzliyi aradan qaldırmaq üçün hələ çox yolumuz olduğunu xatırladan bir il oldu. Hesab edirəm ki, irqçilik əleyhinə maarifləndirmə bütün dünyada bərabərlik və insan haqlarını təşviq etmək səylərimizin mərkəzində olmalıdır.

Buna görə də mən BMT-nin insan haqları üzrə idman səfiri kimi yeni vəzifəmi elan etməkdən çox məmnunam. Bu, qürurla, həyəcanla və məsuliyyətlə boynuma götürəcəyim bir roldur”, – “Vinni” dərc edib.

Vinisius Junior “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində 13 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 238 oyun, 65 qol, 68 məhsuldar ötürmə.

“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 26 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius 150 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, hazırda Vinisius aldığı omba zədəsinin müalicəsi ilə məşğuldur.

Xəbəri sosial şəbəkələrdə paylaş: