Vinisius Junior idman əfsanələrinin şərəfinə döymə etdirdi – Foto

“Real”ın braziliyalı sol vingeri Vinisius Junior dünya idmanın əfsanələrinin şərəfinə kürəyinə döydürdüyü döyməni nümayiş etdirib.

Arena.az məlumat verir ki, döymə mənzərəsində “Futbol Kralı” əfsanəvi Pele, məşhur boksçu, əfsanəvi Məhəmməd Əli və NBA-in məşhur oyunçuları Maykl Cordan və Kobi Brayantın təsvirləri yer alıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir və “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 238 oyun, 65 qol, 68 məhsuldar ötürmə.

“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 26 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, hazırda Vinisius aldığı omba zədəsinin müalicəsi ilə məşğuldur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: