Vinisius Junior “Real”la yeni müqavilə bağladı – Rəsmi

İspaniyanın “Real” klubu braziliyalı sol cinah vingeri Vinisius Junior ilə müqaviləsinin müddətini artırmağa qərar verib.

Arena.az bu barədə La Liqa nəhənginin rəsmi saytına istinadən məlumat verir.

Tərəflər arasındakı yeni müqavilə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda – 2024-cü ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Vinisius Junior “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan gəlib. O, Madrid təmsilçisində bütövlükdə 235 oyun keçirib, 62 qol vurub, 67 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı ulduz “Real”la 2 dəfə La Liqanı (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2019/2020, 2021/2022), Çempionlar Liqasını (2021/2022), UEFA Super Kubokunu (2022/2023), FIFA Klub Dünya Kubokunu (2019, 2023) qazanıb.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 24 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: