Vircil van Deyk: “Yeni müqavilə ilə bağlı müzakirələr başlayıb”

“Liverpul”un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk “qırmızılar”la yeni müqavilə ilə bağlı danışıqlar apardığını bildirib.

Arena.az ESPN şəbəkəsinə istinadən, niderlandlı futbolçunun bu barədə məlumatını təqdim edir:

“Deyə bilərəm ki, görünür, müzakirələr davam edir, amma bilmirəm, gələcəkdə nə olacağını görəcəyik.

Bütün diqqətimi “Liverpul”a yönəltmişəm. Qarşıdakı oyunlarda qalib gəlmək istəyirəm. Başqa heç nə ilə diqqətimi yayındırmıram. Gələcəkdə nə olacağını isə hələ bilmirəm. Sadəcə onu deyə bilərəm ki, müzakirələr başlayıb, nəticəsini isə görəcəyik”, deyə Van Deyk vurğulayıb.

Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 1 qol vurub.

Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 280 oyun, 24 qol, 12 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 77 oyuna çıxıb, 9 qol vurub.

“Transfermarkt” internet-portalı 33 yaşlı niderlandlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: