Vitor Roke “Barselona”ya qoşuldu – Rəsmi

Gənc braziliyalı futbol istedadı, mərkəz hücumçusu Vitor Roke “Barselona” düşərgəsinə gələrək, Kataloniya klubunda tibbi müayinədən keçib.

Arena.az İspaniya nəhənginin rəsmi saytına istinadən məlumat verir ki, Roke həm də klubla tanış olub.

Təsirlənmiş Roke bu barədə duyğusalcasına danışıb: “Bu, indi həyata keçirdiyim bir xəyaldır. Mən həmişə qollar vurmaq istəyindəyəm və bunu bacardıqca tez-tez etməyə çalışacağam. Bu, təkcə mənim yox, ailəmin də arzusu idi. Onlar da buradadırlar, bu arzunu gerçəkləşdirirlər”, deyə gənc istedad təsirlənib.

“Barselona” Vitor Rokeni “Atletiko Paranaense”dən 40 milyon avro müqabilində transfer edib. Kataloniya nəhəngi Roke ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Barselona” gənc istedadın təzminat haqqını 500 milyon avro məbləğində təyin edib ki, bu da fantastik bir məbləğdir. Müqavilə 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. Roke “Baselona”da 17 mömrə altında çıxış edəcək.

Vitor Roke böyük futbola “Amerika Mineyro” və “Kruzeyro”nun futbol məktəblərindən keçərək gəlib. 2022-ci ilin aprelində “Kruzeyro” Rokeni 4,70 milyon avro müqabilində “Atletiko Paranaense”yə transfer edib. Burada Roke səviyyəsini artıraraq, adından söz etdirib.

Geridə qalmış 2022/2023 mövsümündə Roke “Atletiko Paranaense”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 21 qol vurub, 8 məhsuldar ötürmə verib. Roke “Furakao”nun heyətində ümumilikdə 81 oyuna 28 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib.
Roke klub səviyyəsində hələ qənimət qazanmayıb.

Vitor Roke 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, meydanda 25 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Roke Braziliyanın U-20, U-23 yığmalarında oynayıb. U-20 yığması ilə Roke Cənubiamerikan Çempionatının qalibi olub və həmin yarışın 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı mərkəz hücumçusu Vitor Rokenin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: