“Vulverhempton”da Pedro Neto şoku

Futbol üzrə Portuqaliya milli komandası və İngiltərənin “Vulverhempton” klubu ciddi itki ilə üzləşib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Pedro Neto zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dizindən zədələnən 21 yaşlı futbolçu əməliyyat olunacaq və mövsümün qalan hissəsini buraxmalı olacaq. Portuqaliya yığmasının da üzvü olan Neto, AÇ-2020-nin oyunlarında da iştirak etməyəcək.

Neto bu mövsüm Premyer Liqada 31 oyunda meydana çıxıb, 5 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, Premyer Liqanın 31-ci turu çərçivəsində “Fulhem”ə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə xəsarət alıb və 33-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Pedro Neto “Vulverhempton”a 2019-cu ilin avqustunda İtaliyanın “Latsio” klubundan 17.9 milyon avroya keçib. O, Portuqaliya millisində 2020-ci ilin noyabrında debüt edib və 3 oyuna 1 qola imza atıb. Oyunlardan biri martın 24-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan yığmasına qarşı oyuna təsadüf edib. O, millimizi 1:0 hesabıyla üstələdikləri oyunda 63 dəqiqə meydanda olub.