Vüsal İsgəndərli oynadı, “Eqnatiya” ermənilərlə bacarmadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun yeni komandasındakı ikinci matçı da Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinə təsadüf edib.

Belə ki, “Eqnatiya” doğma meydanda Ermənistanın “Ararat” komandası ilə üz-üzə gəlib. Hansı ki, bu komandaların Ermənistanda baş tutan ilk oyununda 1:1 hesabı qeydə alınmışdı.

Cavab matçına start heyətdə başlayan azərbaycanlı futbolçu 62-ci dəqiqədə əvəzlənib. Oyuna gəlincə, əsas vaxtda qapılara 4 qol vurulsa da, qalibi müəyyənləşdirmək mümkün olmayıb. Əlavə vaxtda da hərəyə iki qol vuran komandalar yenə güclünü ayırd edə bilməyiblər – 4:4. Bu üzdən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ermənilər növbəti mərhələyə yüksəliblər – 4:2. Vüsalın komandası isə mübarizəni elə ilk raunddaca dayandırıb.

Xatırladaq ki, azərbaycanlı futbolçu bu rəqiblə ilk oyunda da son yarım saatda meydanda olmuşdu.

Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. Onun komandası Albaniya Super Liqasında geridə qalan mövsümü 52 xalla 3-cü pillədə başa vurub.

Vüsal İsgəndərli isə ötən mövsüm “Sumqayıt”ın heyətində 35 oyuna çıxıb, 6 qol və 3 assistlə yadda qalıb. Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Simurq”da da oynamış yarımmüdafiəçi 2021/2022 mövsümündə Türkiyənin “Keçiörengücü” klubunda da legioner həyatı yaşayıb. 27 yaşlı futbolçu Azərbaycan millisində 3 oyun keçirsə də, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: