Xabi Alonso “Bayer”in qırılmış rekorduna dair şərh verdi

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 2-ci turunda evdə “Leypsiq”ə 2:3 hesablı məğlubiyyəti şərh edib.

Arena.az xatırladır ki, bu məğlubiyyət nəticəsində “Bayer”in Bundesliqada 35 oyunluq məğlubiyyətsizlik silsiləsi sona çatıb.

Əlavə edək ki, “öküzlər” 0:2 hesabı ilə geridə olduqları oyunu əzmkarcasına çevirərək, “əczaçılar”ı 3:2 hesabı ilə məğlub edə biliblər.

“Bizim üçün bu, çətindir, bu, acıdır. Düşünmürəm ki, “Bayer” məğlubiyyətə layiq idi. Bu oyundan bir çox müsbət və mənfi cəhətləri əxz edəcəyik.

Birinci hissəni yaxşı keçirdik. Biz bundan razı qaldıq, ikinci hissədə isə uğurumuzu artırmaq istəyirdik. Amma sonra biz sadəcə olaraq oyuna nəinki nəzarət etmədik və “Leypsiq”ə həddindən çox məkan verdik. Arxa xəttdə yaxşı çıxış etmədik. Gəlin bu səhvlərdən dərs alaq. 2:0 hesabı ilə öndə olandan sonra rəqibin geri-dönüş etməsinə imkan vermək yaxşı hal deyil. Amma biz hələ mövsümün əvvəlindəyik”, – deyə Xabi Alonso bildirib.

“Bayer” 2 oyundan 3 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Leypsiq” isə 6 xalla Bundesliqanın yarış cədvəlinə başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: