“Bayer”in baş məşqçisi Xabi Alonso cari mövsüm bitdikdən sonra Leverkuzen klubundakı gələcəyi ilə bağlı açıqlama verib.
Arena.az italyan-jurnalsit Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bayer”dəki işim hələ bitməyib. Mən kluba kömək etmək, futbolçulara kömək etmək istəyirəm… Burada hər şey əladır. Mən hələ də gənc məşqçiyəm, amma düşünürəm ki, bu, gələcəyim üçün ən yaxşı qərardır. Mən tələsmirdim və düzgün qərar verdiyimə əminəm”, deyə Alonso vurğulayıb.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
Hazırda Xabi Alonsonun “əczaçıları” Bundesliqanın 27 turundan 73 xalla yarış cədvəlinin vahid liderləridir. Həmçinin “Bayer” Avropa Liqasında da mübarizə aparır. “Bayer” hər iki yarışda çempionluğa iddialıdır.


