Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso ilə Almaniya nəhəngi “Bayern” arasında ilk danışıqlar başa çatıb.
Arena.az xəbər verir ki, bu danışıqlar ispan mütəxəssisin onun xidmətində son dərəcə maraqlı olan “Liverpul”dan daha çox “Bayern”i çalışdırmağa meylli olduğunu göstərib.
Alonsonun fikrincə, Yurgen Klopp gedəndən dərhal sonra İngiltərə nəhənginə qoşulmaqla, o, qazanmaqdan çox itirmək təhlükəsi ilə üzləşəcək.
“Bayer” isə Xabi Alonsonun onun xidmətində maraqlı olan “Liverpul”u çalışdırması üçün Leverkuzen klubundan gedişinə hazırdır. Belə olacağı halda, Bundesliqa təmsilçisi mersisaydlıların ispan mütəxəssis müqabilində 21 milyon funt-sterlinq məbləğində təzminat ödəyəcəyini şərt qoyub.
“Liverpul” rəhbərliyi Alonsonu cari mövsümün sonunda komandadan ayrılacaq, “qırmızılar”ın hazırkı baş məşqçisi Yurgen Klopun yerinə əsas namizəd hesab edir.
Xatırladaq ki, daha əvvəl mətbuatda, İngiltərə klubunun artıq Alonso ilə əlaqə saxladığı və ona 3 illik müqavilə təklif etdiyi barədə məlumatlar yayılıb.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 41 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
Hazırda Xabi Alonsonun “əczaçıları” Bundesliqanın 23 turundan 61 xalla turnir cədvəlinin vahid liderləridir. Həmçinin “Bayer” Avropa Liqasında da mübarizə aparır və yarışın qalibi adına əsas namizədlərdən biridir.
Qeyd edək ki, “Bayer” Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq. Bu komandaların ilk oyunu martın 7-də Bakıda, cavab görüşü isə bir həftə sonra, ayın 14-də Leverkuzendə baş tutacaq.
Bu komandalar Avropa Liqasının qrup mərhələsində də qarşılaşmışdılar. Azərbaycan çempionu Almaniyadakı oyunda 1:5, Bakıdakı görüşdə 0:1 hesabıyla uduzmuşdu. Yekunda “Bayer” qrup lideri kimi 1/8 finala, “Qarabağ” isə pley-offa vəsiqə qazanmışdı


