“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, ispan mütəxəssis bu gün təşkil olunmuş mətbuat konfransında Bakıya iddialı yollanacaqlarını bildirib:
“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür. Bu komandanın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar çıxış etdilər”.
O, bir müddət əvvəl “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib: “Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”.
Xabi Alonso argentinalı yarımmüdafiəçi Esekyel Palasiosun matça hazır olduğunu da əlavə edib: “Sabahkı oyunda da start heyətində çıxış etmək iqtidarındadır. Ondan gözləntimiz yaxşı oynamaq, komandaya kömək etməkdir. Bütün futbolçulardan istəyim budur”.
“Bayer”in yarımmüdafiəçisi Robert Andrix də mətbuat konfransında fikirlərini dilə gətirib:
“Qarabağ”la qrup mərhələsindəki oyunlarımız asan olmadı. İndi də asan olacağını düşünmürük. Gözəl kollektivdirlər və sabah matçın çətin keçəcəyini gözləyirik. Bizim əvvəlki oyunlarımızdan da görünür ki, heyət “Qarabağ”la matça hazırdır. Heyətdə yer alanlardan heç kim pis performans göstərməyib. Oyunçularımız güclüdür. “Qarabağ”la matçlarda güclü olan tərəf bizik”.
29 yaşlı futbolçu Azərbaycan çempionuna qarşı ciddi hazırlaşdıqlarını söyləyib: “İlk görüşü səfərdə keçirmək bizim üçün çox vacibdir. Cavab matçının Almaniyada olması da bizim üçün böyük şansdır. Komandamız çox inkişaf edib. Hər oyuna hazırlıqlı çıxırıq. Qarşımıza qoyulan tapşırıqları maksimum yerinə yetirməyə çalışırıq. Rəqib topla yaxşı oynamağı bacarır. “Qarabağ”ın futbolçuları öz mövqelərində olduqca ağıllı, baxımlı oynayırlar. Keçən oyunda proqramımızı Almaniya saatına görə tutmuşduq və indi də eyni şeyi edəcəyik. Bu mənada heç bir problem olacağını gözləmirəm”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçına saat 21:45-də start veriləcək. Komandaların cavab matçı martın 14-də Leverkuzendə baş tutacaq.