Xavi: “Dembele onu buraxmağımı xahiş etdi, üzgünəm”

“Barselona”nın baş məşqçisi Xavi komandanın fransalı vingeri Usman Dembelenin klubdan ayrılmasından danışıb.

Arena.az bu barədə Xavinin ABŞ turu çərçivəsində “Milan”la oyundan (1:0) sonra mətbuat konfransı zamanı danışdığını bildirir:

“Dembele açıq danışdı və onu buraxmağımı istədi. Onun PSJ-dən təklifi var. Biz onlarla rəqabət apara bilmirik. Mən azacıq məyusam”, deyə Xavi məsələyə aydınlıq gətirib.

Geridə qalmış 2022/2023 mövsümündə Dembele “Barselona”nın heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 9 məhsuldar ötürmə verib. Xavi fransalı vingerə böyük ümidlər bəsləyirdi. İspan mütəxəssis komandaya rəhbərliyə başladığı təqdimat günündə bu barədə bildirmiş və bir müddət əvvəl Dembele ilə bağlı mövqeyini bir daha vurğulamışdı.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Usman Dembeleni 60 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, italyan jurnalist-insayder Fabrisio Romano Dembelenin PSJ-yə keçidi barədə “onun transferi zaman məsələsidir” ifadəsini işlədib. Romanoya görə, tərəflər razılığa gəliblər. Daha əvvəl PSJ-nin transfer üçün 50 milyon avro ödəyəcəyi bildirilirdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: