“Barselona”nın baş məşqçisi Xavi portuqal vinger Joao Feliksin komandada qalıb-qalmayacağı haqda sualı cavablayıb.
Arena.az xəbər verir ki, ispan mütəxəssis ötən yay Madrid “Atletiko”sundan cari mövsümün sonuna qədər icarəyə götürülmüş futbolçunun taleyi ilə bağlı bunları söyləyib:
“Prezidentlə mən bunu hər gün olmasa da, iki-üç gündə bir müzakirə edirik. Biz Dekunu (“Barselona”nın idman direktoru) hər gün görürük və o, mənim mövqeyimi bilir. Ancaq bu gün bu, heç nəyi dəyişmir”, deyə Xavi vurğulayıb.
Xatırladaq ki, Joao Feliks 2023/2024 mövsümünün sonuna kimi kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.
Cari mövsümdə Feliks “Barselona”nın heyətində uğurla çıxış edir. O, Kataloniya təmsilçisində bütövlükdə 33 oyun keçirib, 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Joao Feliks “Portu”nun yetirməsidir. O, 2015-ci ildə “Benfika”ya üz tutub. Sol cinah vingeri peşəkar karyerasına da məhz bu komandada başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro ödəməklə Feliksi öz heyətinə qatıb.
Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.
Feliks ötən mövsümdə İngiltərənin “Çelsi” klubunda da icarədə olub. O, London klubunun heyətində 20 oyuna 4 qol vurub.
Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 36 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı Joao Feliksi 40 milyon avro məbləğində qiymətləndirir.


