Xavi “Şaxtyor”a məğlubiyyətə görə iclas çağırdı

“Barselona”nın baş məşqçisi Xavi Ernandes komandası ilə xüsusu söhbət aparmaq məqsədilə təcili surətdə növbədənkənar iclas çağırıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Şaxtyor”la oyunda alınmış məğlubiyyət (0:1) Xavini xüsusi tədbir görməyə sövq edib.

Bu gün, noyabrın 8-də Xavi komandasının futbolçuları ilə 45 dəqiqəlik növbədənkənar görüş keçirib. Xavi “Barselona”nın bütün futbolçu və məşqçi heyətini paltardəyişmə otağına toplayıb. Gənc çalışdırıcı komanda ilə ruhlandırma məzmunlu söhbət aparıb. Xavi həmçinin Kataloniya nəhənginin liderlərinə və veteranlarına bu xüsusda çıxış etmək imkanı verib. Mark-Andre ter Ştegen, Ronald Arauxo, Robert Levandovski və İlkay Gündoğan söz alaraq çıxış ediblər.

İclasın müsbət məcrada keçdiyi vurğulanır. Heyət və futbolçular belə qənaətə gəliblər ki, oyunda yaranmış fəsadları çözərək, bunlara tez bir zamanda son qoyub, qarşıdakı oyunlarda yüksək pilləyə qalxmaq lazımdır.

Xatırladaq ki, “Barselona” məğlub olsa da, “H” qrupunda 9 xalla liderliyini qoruya bilib. Kataloniyalıları eyni miqdarda xal toplamış təhlükəli rəqib “Portu” təqib edir, 5-ci turda “Barsa” məhz “Portu”nu qonaq edəcək. Qələbə sayəsində “Şaxtyor” xalını 6-ya yüksəldib və iddiasını sürdürür. “Antverpen” isə xalsızdır, Belçika təmsilçisi aşkar “qapazaltı” mövqeyini təsdiqləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: