UEFA Çempionlar Liqasının son qalibi olan “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu gün 2023-cü ildə klublarda işləyənlər arasında ən yaxşı baş məşqçini müəyyənləşdirib.
IFFHS-nin rəsmi saytının yaydığı məlumata görə, bu ada “Mançester Siti”nin ispan baş məşqçisi layiq görülüb. 52 yaşlı mütəxəssis 281 xalla bütün rəqiblərini qabaqlayıb. İspaniyanın “Real” klubundan Karlo Ançelotti (56) ikinci, İtaliya çempionu “Napoli”nin sabiq baş məşqçisi Luçano Spaletti isə üçüncü olub.
Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”yə rəhbərlik edir. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ötən mövsüm Qvardiola “Mançester Siti”yə klubun tarixində ilk “trebl”i qazandırıb. “Şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar. Bir neçə gün əvvəl isə Qvardiolanın komandası FİFA Klub Dünya Kubokunun qalibi adını qazanıb. Bu qələbə sayəsində Qvardiola FIFA Klub Dünya Kubokunu ən çox – 4 dəfə qazanmış məşqçi olub.
Ümumiyyətlə “Pep” “Mançester Siti”yə tarixinin ən şanlı dövrünü yaşadıb və “şəhərlilər”ə bütün mümkün qənimətləri qazandırıb.
Qvardiola daha öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarını da çalışdırıb.
1. Xosep Qvardiola (İspaniya, “Mançester Siti”) – 281 xal
2. Karlo Ançelotti (İtaliya, “Real”) – 56
3. Luçano Spalletti (İtaliya, “Napoli”) – 53
4. Simone İnzaqi (İtaliya, “İnter”) – 51
5. Fernando Dinis (Braziliya, “Fluminense”) – 33
6. Mikel Arteta (İspaniya, “Arsenal”) – 30
7. Xavi (İspaniya, “Barselona”) – 26
8. Ange Postekoqlu (Avstraliya, “Seltik”/“Tottenhem”) – 12
9. Unai Emeri (İspaniya, “Aston Villa”) – 8
10. Yurgen Klopp (Almaniya, “Liverpul”) – 6


