Xosep Qvardiola bezdi, sualı cavablamaqdan imtina etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in düşərgəsindəki gələcəyi haqda israrlı suallardan təngə gəlib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, ispan mütəxəssis dəfələrlə bu barədə açıqlama versə də, bu dəfə mütəmadi surətdə müvafiq mövzuda ünvanlanmış sualı cavablamaqdan imtina edib:

“Mən bu mövzu haqqında danışmayacağam. Qoy bu, baş verməsi gərək olanda da baş versin. Rəhbərliklə mən müntəzəm əlaqə saxlayırıq və ətrafımızda baş verən hər şey həmişə klubun xeyrinədir”, deyə “Pep” məsələyə bilmərrə nöqtə qoyub.

Xosep Qvardiolanın “Mançester Siti” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda – 2025-ci ilin iyun ayının sonunda başa çatacaq. Amma ispan mütəxəssis gələcəyi ilə bağlı hələ də qərar verməyib.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 489 oyun keçiriblər, 360 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 69 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1238:444 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

10 turdan sonra Qvardiolanın “Mançester Siti”si 23 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: