Xosep Qvardiola: “Biz zirvədə olmaq istəyirik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 19-cu turunda “Everton”la oyunda 3:1 hesablı əzmkar qələbəni şərh edib.

Arena.az “Amazon Prime” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən hər gün onlara öz qabiliyyətlərini xatırladıram. Bizim riayət etməli olduğumuz ölçüələr var. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur, çünki nəticələr azalmamalıdır.

Düşündüm ki, birinci hissə çox yaxşı keçdi. İkinci hissədə cinah müdafiəçiləri ilə daha sürətli hücuma keçməli olduq və çox yaxşı çıxış etdik. Uşaqlar nə qədər bacarıqlı olduqlarını bir daha göstərdilər. Bilirik ki, 6 oyunda 1 qələbədən sonra insanlar suallar verirlər və bu, adidir, çünki hər şey nəticə ilə bağlıdır, lakin biz “Arsenal”, “Tottenhem”, “Liverpul” və “Aston Villa” kimi, 1-ci yerə yaxınıq. Biz zirvədə olmaq istəyirik.

Bizim azarkeşlərimiz səfərdə həmişə çox yaxşıdırlar. Bəzən onların sayı “Etihad”dakından da çox olur! Onların bizimlə olmaq üçün bura gəlməsi, bizim də onlarla birlikdə olmağımız xoşdur.

Dedik ki, cinah oyunçuları vasitəsilə oynamaq üçün tanış quruluşa getməliyik. 5-10 dəqiqə məqamlar yaratdıq. Fil Foden isə sonda topu götürdü və tora saldı! Biz tez-tez meydanın son üçdə birinə girirdik, amma qətiyyətimiz çatışmırdı”, deyə “Pep” bildirib.

Qvardiola müahisəli penalti qərarından da danışdı

Xosep Qvardiola həmçinin oyunun dönüş nöqtəsi olan, “şəhərlilər”in lehinə 64-cü dəqiqədəki penalti məqamı ilə bağlı fikirlərini paylaşıb. Xatırladaq ki, nöqtəyə yaxınlaşmış argentinalı hücumçu Xulian Alvares dəqiq zərbə ilə “Siti”ni önə çıxarıb.

“Mən şəkilləri görməmişəm, üzr istəyirəm, sizə məlumat verəcəyəm. Mən qaydaları bilmirəm. Burada penalti var, burada penalti yoxdur. Avropaya gedirsənsə, oradakı qaydalar tamam başqadır. Bəlkə nə vaxtsa bu məsələyə aydınlıq gətirəcəklər. Amma heç bir fotoşəkil görməmişəm”, deyə Qvardiola bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

İspan mütəxəssis oyunun 43-cü dəqiqəsində zədələnərək digər mərkəz müdafiəçisi Yoşko Qvardiolla əvəzlənmiş mərkəz müdafiəçisi Con Stounzun zədəsi haqda qısaca məlumat verib:
“Çox yaxşı görünmür, amma görəcəyik. Bu, onun topuğudur”, deyə “Pep” bildirib.

Premyer Liqanın ilk dövrəsi ərzində keçirdiyi 18 oyundan sonra “Mançester Siti” 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Everton” isə 19 oyundan 16 xalla 17-ci pillədədir. Xatırladaq ki, İngiltərə Premyer Liqası “Everton”un maliyyə feyr-pleyi qaydalarını pozması səbəbilə “irislər”i 10 xalından məhrum edib. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir. 18 oyun keçirmiş “Arsenal”ın 40 xalı var və “topçular” potensial lider statusundadırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: