UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Yanq Boyz”la oyunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, ispan mütəxəssis qitənin ən nüfuzlu klub turnirində özünə məxsus olan rekordu yeniləyib.
“Şəhərlilər”in Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində doğma meydanda qarşılaşdıqları İsveçrə “Yanq Boyz”u ilə görüşdə 3:0 hesablı qələbəyə seviniblər. Bu nəticə sayəsində ÇL-də Qvardiola məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırıb (12 qələbə, 5 heç-heçə). O, “Barselona” ilə müəyyən etdiyi şəxsi rekordu (16 matç) yeniləyib.
UEFA Çempionlar Liqasında məğlubiyyətsiz matçların sayına görə mütləq rekord “Mançester Yunayted” keçmiş baş məşqçisi Aleks Ferqyusona məxsusdur. Onun komandası ÇL-də ardıcıl 25 oyunda uduzmayıb.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. O, indiyə qədər bu komandanı 431 oyuna çıxarıb. “Şəhərlilər” bu görüşlərdə 319 qələbə qazanıb, 49 heç-heçə ediblər. 63 qarşılaşmada isə məğlubiiyyət qeydə alınıb.
Ötən mövsüm Qvardiola “Mançester Siti”yə klubun tarixində ilk “trebl”i qazandırıb. “Şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar.
Qvardiola daha öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarına da rəhbərlik edib.
“Yanq Boyz” üzərindəki qələbə sayəsində “şəhərlilər” 12 xalla “G” qrupunun vahid lideridir. Bu nəticə ilə ÇL-in sonuncu qalibi həm də bu mövsüm 1/8 finala ilk vəsiqəyə sahib çıxıb. Bu qrupda “Leypsiq” 9 xalla 2-ci yerdə qərarlaşıb. “Yanq Boyz” və “Srvena Zvezda” isə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü yerlərdə “lövbər salıblar”.


