“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in son oyunlardakı uğursuz nəticələri barədə söhbət açıb.
Arena.az xatırladır ki, ispan mütəxəssisin rəhbərlik etdiyi kollektiv bütün yarışlar çərçivəsində keçirdiyi son 6 oyunda 5 dəfə ardıcıl surətdə məğlub olub.
Sözügedən komanda 1 dəfə isə 3:0 öndə olduğu oyunda (Çempionlar Liqasının “Feyenoord”la ev oyunu) qələbəni əldən verərək, 3:3 hesablı heç-heçə ilə barışıb:
“Mən indi özümü sübut etməliyəm. Biz nə etməliyik? Rodri yanımızda olmadığı üçün daima ahu-zarmı etməliyik? Yoxsa son aylarda dörd mərkəz müdafiəçisinin meydana çıxmaması səbəbinə gör ağlaşma qurmalıyıq? Mən hər gün etdiyim kimi, bir həll, vəziyyəti düzəltmək üçün bir yol arayıb-tapmalıyam.
Bu futbol klubunda qalib gəlmək gərəkdir. Əgər qalib gəlməsən, fəsadların baş qaldıracaq. Bilirəm ki, insanlar soruşurlar: “Pep”in niyə fəsadları yoxdur? Niyə onu qovmayacaqlar? Bununla belə, son səkkiz il ərzində həll etdiyimiz fəsadlarımız olub, məhz elə, buna görə də məndə belə bir güc-qüvvət ehtiyatı var”, – “City Xtra” dərgisi Qvardioladan sitat gətirir.
Həmçinin Xosep Qvardiola “şəhərlilər”in nəticələrini yaxşılaşdırmaq məqsədilə heyəti dəyişmək fikri ilə razılaşmadığını bildirib:
“Mən bununla heç də tam razı deyiləm. Unutmayaq ki, üç ay əvvəl İngiltərə çempionu olmuşuq, İngiltərə Kubokunun finalında oynamışıq, həmçinin Çempionlar Liqasının ¼ finalına çıxmışıq, burada isə “Real”la inanılmaz oyunda məğlub olduq (3:3, 1:1, penaltilərlər 3:4). Onda da meydana eyni uşaqlar çıxmışdılar”, deyə “Pep” vurğulayıb.
“Mən qalmaq istəyirəm”
İspan mütəxəssis “Mançester Siti”ni düşdüyü böhrandan qurtarmağa qərarlı olduğunu vurğulayıb:
“Mən qalmaq istəyirəm! Klubun uğuruna arxayın olmadığımı hiss etdiyim anda bura başqa məşqçi gələcək. Amma vəziyyəti düzəltmək imkanımın olmasını istəyirəm və əkilib aradan çıxmaq istəmirəm. İndidən mövsümün sonuna qədər komandanı bir çox baxışlarda yenidən qurmaq niyyətindəyəm.
Mən bu çətinliyi, bu fürsəti “Mançester Siti”də işləməyə davam etmək üçün istədim, çünki nə edilməli olduğunu hiss edirəm və bilirəm. Aydındır ki, hazırda nəticələrdə adi sabitliyə malik deyilik. Bəs dünyada hansı komanda 10 il sabit qalır? Mənə heç olmasa birinin adını çəkin. Belə komandalar yoxdur: nə NBA-da, nə tennisdə, nə başqa idmanda, nə də qolfda”.
12 turdan 23 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.


