“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul”u Premyer Liqada komandasının əsas rəqibi hesab edir.
Arena.az “The Telegraph” nəşrinə istinadən Qvardiolanın bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Mənim “Siti” ilə vaxtım başa çatdıqda, mənim əsas rəqibim, bizim rəqibimiz “Liverpul” olacaq. Onlar bizim üçün işləri getdikcə daha da çətinləşdirirlər, bu da bizi hər cəhətdən daha yaxşılaşdırır. Onlar bizimlə “Siti”də olduğum müddətdə heç bir komandanın edə bilmədiyi surətdə rəqabət aparırlar.
Əlbəttə, indi “Arsenal” geri qayıdır, “Nyukasl” güclənir, “Çelsi” bəzi şeyləri yenidən qurmaq yolundadır. Amma onların hamısının vaxta ehtiyacı var”, deyə Qvardiola bildirib.
Hazırda “Mançester Siti” 10 turdan sonra Premyer Liqanın turnir cədvəlində 24 xalla 3-cü, Yurgen Klopun çalışdırdığı “Liverpul” isə 23 xalla 4-cü pillədə yer alıb. Premyer Liqaya 26 xalla Angelos Postekoqlunun “Tottenhem”i başçılıq edir.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyulundan çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Pep” ötən mövsüm “Mançester Siti”yə klub tarixinin ən böyük uğurunu qazandırıb. “Şəhərlilər” təcrübəli ispan mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanmaqla “trebl”ə imza atıblar.
Vurğulayaq ki, Qvardiolanın “Liverpul”dan ehtiyatlanması əbəs deyil. Belə ki, “Pep” – Klopp qarşıdurmasında üstünlük az fərqlə də olsa, alman mütəxəssisin tərəfindədir. Mütəxəssislər 28 dəfə üz-üzə gəliblər. 11 oyunda “Pep”, 12 oyunda isə Klopp üstün olub, 5 oyunda isə heç-heçə qeydə alınıb.


