İngiltərə çempionu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”lə yeni müqaviləni nə vaxt müzakirə edəcəyini açıqlayıb.
Arena.az bu bardə “Daily Mail”ə istinadən məlumat verir.
“Mən daha iki illik müqavilə imzalamışdım, çünki özümü rahat hiss edirəm – “trebl” edib-etməməyimizdən asılı olmayaraq, heç nə dəyişmədi. Mən xoşbəxtəm, insanlar da xoşbəxtdirlər, xüsusən də rəhbərlik – çünki əvvəl-axır, bu oyunçu dəstəsinə hansı çalışdırıcının rəhbərlik edəcəyinə onlar qərar verirlər. Onlar xoşbəxtdirsə, mən də xoşbəxtəm. Yeni mövsümdə, qazandığımızı müdafiə etmək istəyirəm. Ola bilsin ki, mövsümün sonunda yorulsam, klubla danışarıq və ya bəlkə də müqaviləni uzadarıq”, deyə Qvardiola bildirib.
Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssislə klub arasındakı cari müqavilə 2025-ci ilə qədər qüvvədədir.
Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə Xosep Qvardiolalı “Mançester Siti” tarixinin ən böyük uğurunu qazanıb. Pepin rəhbərliyi altında “şəhərlilər” “trebl”ə imza atıblar: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıblar.


