Xosep Qvardiola qovulacağı təqdirdə nə edəcəyini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in düşərgəsindən mümkün qovulması ilə bağlı sualı cavablayıb.

Arena.az “Goal” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Mançester Siti” məni qovsa nə olacaq? Əgər belədirsə, mən evə gedəcəyəm. Həyat həmişə istədiyiniz kimi getmir”, deyə təcrübəli məşqçi vurğulayıb.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 496 oyun keçiriblər, 361 qələbə qazanıblar, 62 heç-heçə ediblər, 73 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1247:459 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.

15 turdan sonra 27 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlində 4-cü sırada qərarlaşıb. Bu komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki durumu daha pisdir. “Şəhərlilər” 6 oyuna 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət görüblər. İngiltərə çempionu 8 xalla 22-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: