Xosep Qvardiola terrorçu təşkilatla əlaqədə şübhəli bilinir

İngiltərə Premyer Liqasının sonuncu qalibi “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola “zibilə düşə” bilər.

Arena.az “Voz Populi” dərgisinə istinadən məlumat verir ki, Qvardiola İspaniya hüquq-mühafizə orqanları tərəfindən terrorizm ittihamı ilə araşdırılan, Kataloniyanın müstəqilliyini müdafiə edən “Demokratiya sunamisi” hərəkatı ilə əməkdaşlıqda şübhəli bilinir.

Bildirilir ki, bu hərəkat həm də İspaniya mətbuatında və cəmiyyətində ən yüksək mövqeləri tutan siyasətçilər vasitəsilə Kataloniyanın müstəqilliyi ideyalarının təbliğinə yönəlmiş genişmiqyaslı tədbirlər təşkil etməkdə ittiham edilir. Qvardiolanın tərəddüd etmədən bu hərəkata yardım etməyə razı olduğu və onun Kataloniya əhalisinin qanunun aliliyinə qarşı üsyan etməsi tələblərinə qoşulduğu vurğulanır.

İspaniya hökuməti əvvəllər “Demokratiya sunamisi” hərəkatını “insanları terror hücumları törətməyə təşviq edən cinayət təşkilatı” kimi təsvir edib.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Ötən mövsüm Qvardiola “Mançester Siti”yə klubun tarixində ilk “trebl”i qazandırıb.

“Şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar. Ümumiyyətlə Qvardiola “Mançester Siti”nin ən uğurlu və ən şanlı tarixinin memarıdır.

İspaniyalı mütəxəssis daha öncə “Barselona” və “Bayern” komandalarını çalışdırıb, xüsuilə “Barselona”nın tarixi uğurlarında müstəsna xidmətlər göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: