“Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliya argentinalı əfsanə Dieqo Maradona ilə müqayisə edilməsinə münasibətini açıqlayıb.
Arena.az gürcü futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Maradona Neapolun tanrısıdır. Səni onunla müqayisə edəndə xoşdur. Amma təbii ki, özümü onunla müqayisə edə bilmərəm, çünki o, tarixin ən yaxşı oyunçularından biridir. Azarkeşlərin məni Kvaradona adlandırması ilə, əlbəttə ki, inanılmaz dərəcədə qürur duyuram, bu, mənim üçün çox şey deməkdir”, deyə Kvaratsxeliya vurğulayıb.
Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 81 oyuna çıxıb, 24 qol və 23 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsüm Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 28 oyuna 15 qol vurub, 7 məhsuldar ötürmə verib
Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.


