“Napoli”nin və Gürcüstan milli komandasının vingeri Xviça Kvaratsxeliya İtaliya klubundan mümkün ayrılığ barədə sualı cavablayıb.
Arena.az gürcü futbolçunun bu barədə cavabını təqdim edir:
“Napoli”də ətrafımdakı insanlar tərəfindən özümü dəyərli və dəstəkli hiss edirəm. Bu, böyük bir məsuliyyətdir, çünki siz həmişə sizə inananların gözləntilərini qarşılamaq istəyirsiniz. Çox işləyirəm, azarkeşləri sevindirmək üçün hər şeyi edirəm”, deyə “Kvara” vurğulayıb.
Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 29 oyuna 15 qol vurub, 8 məhsuldar ötürmə verib
Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.


