Futbol üzrə İsveçrə yığma komandasının və Almaniya çempionu “Bayern”in qapıçısı Yan Zommer İtaliya nəhəngi “İnter”ə keçib.
Arena.az bu barədə Milan klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“İnter” Zommer üçün “Bayern”ə 6.75 milyon avro ödəyəcək. Tərəflər 3 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar.
Zommer 2023-cü ilin yanvarında 2014-cü ildən formasını geyindiyi Mönhenqladbah “Borussiya”sından 9 milyon avro müqabilində “Bayern”ə keçmişdi. Geridə qalmış 2022/2023 mövsümünün ikinci yarısında Zommer Münhen təmsilçisinin heyətində 25 oyuna çıxıb, 31 qol buraxıb. 8 oyunda qapısının toxunulmazlığını təmin edən təcrübəli qolkiper “Bayern”lə Bundesliqanı qazanıb.
Yan Zommer 2012-ci ildə debüt etdiyi İsveçrə yığmasının heyətində 83 oyun keçirib, 80 qol “yeyib”, 33 oyundan “quru” çıxıb. Qapıçı ölkəsini 2 dəfə dünya çempionatında (2018, 2022) və 2 dəfə Avropa çempionatında (2016, 2020) təmsil edib.
“Bayern”in türk əsilli sol cinah vingeri Yusuf Kabadayı isə icarə əsasında “Şalke”yə keçib. 19 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Münhen təmsilçisinin yetirməsi olan, klubun əvəzedici komandasında forma geyinən futbolçu hələ əsas komandada debüt şansı qazanmayıb.
“İnter”in öz qapıçısı, Rumıniya milli komandasının da üzvü olan Yonut Radu da İngiltrənin “Bornmut” klubuna keçib. Premyer Liqa təmsilçisi 26 yaşlı qolkiperi satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.
Radu 2013-cü ildən “İnter”in sıralarındadır. Lakin o, Milan təmsilçisində heç vaxt əsas heyət üzvü ola bilməyib. Klubun əsas komandasında cəmi 5 oyun keçirmiş qolkiper, daha çox digər klublarda icarədə olub. Belə ki, o, daha öncə “Avellino”, “Cenoa”, “Parma”, “Kremoneze” və “Oser”də də icarə əsasında forma geyinib.
Rumıniyanın U-21 yığmasında 17 oyun keçirmiş Radu, əsas millidə cəmi 4 matça çıxıb
“Bornmut”un qapıçısı Mark Travers də icarə əsasında “Stok Siti”yə keçib. 24 yaşlı irland qapıçı da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Bornmut”da 70 oyun keçirmiş qolkiper daha öncə “Ueymut” və “Suiondon Taun”da da icarədə oynayıb. O, İrlandiya yığmasında da 3 oyuna çıxıb.
Danilo D’Ambrozio “Montsa”da!
Yeri gəlmişkən, bu yay “İnter”dən azad agent kimi ayrılmış Danilo D’Ambrozio “Montsa”ya keçib. 34 yaşlı italyan müdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
D’Ambrozio 2014-cü ildən “İnter”də çıxış edirdi. 9 illik “İnter” karyerası boyunca D’Ambrozio “neradzurri”nin heyətində 284 oyuna çıxıb, 21 qol vurub, 20 məhsuldar ötürmə verib. O, bu komanda ilə beş kubok qazanıb: 1 skudetto, 2 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku.
D’Ambrozio daha öncə “Potensa”, “Yuve Stabia” və “Torino” kimi klublarda da forma geyinib. O, İtaliya milli komandasında da 6 oyun keçirib.
“Montsa” “Sassuolo”nun sol cinah müdafiəçisi Georgios Kiriakopulosu da icarəyə götürüb. 27 yaşlı yunan futbolçu qarşıdakı mövsümün sonuna kimi bu komandada çıxış edəcək. 2019-cu ildən “Sassuolo”da çıxış edən Yunanıstan millisinin üzvü İtaliya klubunda 94 oyun keçirib, 2 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Asteras”, “Erqotelis”, “PAS Lamia”, “Bolonya” kimi klubların da formasını geyinib. Kiriakopulos ölkəsinin yığmasında da 7 matça çıxıb.
“Montsa” sağ cinah vingeri Marko D’Alessandronu da “Piza”ya icarəyə verib. 32 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə B Seriyası təmsilçisinə keçib. “Roma”nın yetirməsi olan yarımmüdafiəçi “Montsa”da 65 oyuna 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, “Atalanta”, “Çezena”, “Qrosseto”, “Verona”, SPAL, “Udineze”, “Benevento”, “Livorno”, “Bari” kimi klublarda da forma geyinib.
Bu yay “Montsa”dan azad agent kimi ayrılmış Kristian Qyutker də “Venesiya”ya keçib. Danimarkadan olan 33 yaşlı hücumçu yeni klubu ilə 2 illik anlaşıb. O, 2020-ci ilin avqustundan formasını geyindiyi “Montsa”da 86 oyuna 22 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.


