Bundesliqa: 2024/2025 mövsümünə yekun vuruldu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 34-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, son turun bütün görüşləri eyni günə təsadüf edib.

Çempionluğu bir neçə tur öncə təmin etmiş “Bayern” səfərdə qarşılaşdığı “Hoffenhaym”a 4 cavabsız qolla qalib gəlib. Dortmund “Borussiya”sı da evdə “Holştayn”ı 3 cavabsız qolla üstələyib. Dörd qolun qeydə alındığı “Maynts” – “Bayer” görüşündə isə qalib müəyyənləşməyib.

Günün digər oyunlarında “Auqsburq” evdə “Union Berlin”ə, “Borussiya” (Mönhenqladbax) “Volfsburq”a, “Frayburq” “Ayntraxt”a, “Haydenhaym” “Verder”ə, “Leypsiq” “Ştutqart”a, “Sankt Pauli” isə “Boxum”a məğlub olub.

Beləliklə, “Bayern” 82 xalla mövsümü zirvədə tamamlayıb. “Bayer” (69), “Ayntraxt” (60) və Dortmund “Borussiya”sı (57) da Münhen təmsilçisi ilə birgə UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıblar. “Frayburq” (55) Avropa Liqasına, “Maynts” (52) isə Konfrans Liqasına vəsiqə qazanıb.

“Leypsiq” və “Verder” mövsümü 51, “Ştutqart” 50, “Borussiya” (Mönhenqladbax) 45, “Volfsburq” və “Auqsburq” 43, “Union Berlin” 40, “Sankt Pauli” və “Hoffenhaym” 32 xalla başa vurublar. 29 xalla 16-cı yeri tutmuş “Haydenhaym” Bundesliqada qalmaq üçün pley-off oyunu keçirməli olacaq. 25 xal toplamış və son iki pillədə qərarlaşmış “Holştayn” ilə “Boxum” isə elitanı tərk ediblər.

Almaniya, Bundesliqa
34-cü tur
17 may

Auqsburq – Union Berlin 1:2
Qollar: Tiets, 41 – A.İliç, 69; 90+4.

Borussiya (Mönhenqladbax) – Volfsburq 0:1
Qol: L.Nmeça, 51.

Borussiya (Dortmund) – Holştayn 3:0
Qollar: Girassi, 3-pen. Zabitser, 47. F.Nmeça, 73.

Frayburq – Ayntraxt 1:3
Qollar: Doan, 27 – Knauff, 45+4. Kristensen, 61. Sxiri, 63.

Haydenhaym – Verder 1:4
Qollar: Kerber, 80 – Şmid, 14-pen. Staqe, 33. Dukş, 66. Topp, 86.

Hoffenhaym – Bayern 0:4
Qollar: Olise, 33. Kimmix, 53. Qnabri, 80. Keyn, 86.

Maynts – Bayer 2:2
Qollar: Nebel, 35. Burkardt, 63-pen – P.Şik, 49-pen; 54.

Leypsiq – Ştutqart 2:3
Qollar: X.Simons, 8. Baku, 44 – Undav, 23. Voltermade, 57. Demiroviç, 78.

Sankt Pauli – Boxum 0:2
Qollar: Boadu, 10; 66.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: