İtaliyalı futbol mütəxəssisi, daha öncə də bu komandanı çalışdırmış Massimiliano Alleqri “Milan”ın yeni baş məşqçisi təyin edilib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, portuqaliyalı Serjio Konseysaonu istefaya göndərən klub rəhbərliyi onu bu postda Alleqri ilə əvəzləyib. Müqavilənin detalları barədə açıqlama verilməyib. Amma 57 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununa qədər müqavilə imzalandığı barədə xəbərlər var.
Xatırladaq ki, Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, 2010/2011-ci illər mövsümündə “Milan”ı İtaliya çempionu edibsə, 2011/2012 mövsümündə də bu kluba İtaliya Super Kubokunu qazandırıb.
Alleqrinin sonuncu iş yeri “Yuventus” olub. O, 2021-ci ilin may ayından çalışdırdığı Turin təmsilçisindən 2024-cü ilin may ayında qovulmuşdu. Alleqri 2014-2019-cu illərdə də “byankoneri”ni çalışdırıb. Ümumilikdə Alleqri “Yuventus”a 5 dəfə İtaliya A Seriyasını, 5 dəfə İtaliya Kubokunu, 2 dəfə İtaliya Super Kubokunu qazandırıb. O, həmçinin Turin təmsilçisi ilə 2 dəfə UEFA Çempionlar Liqasının finalçısı olub.
Massimiliano Alleqri “Yuventus” və “Milan”dan başqa SPAL, “Qrosseto”, “Sassuolo”, “Kalyari” kimi komandaları da çalışdırıb.


