Çempionlar Liqasında PSJ-dən tarixi zəfər!

Bu gün keçirilmiş final oyunu ilə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ komandaları üz-üzə gəliblər.

Almaniyanın Münhen şəhərində keçirilmiş oyunu rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edib.

Finalda iştirak edən komandalardan “İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanmışdı. Fransa klubu isə heç vaxt belə sevinc yaşamamışdı.

Ardıcıl 4 il Fransa çempionluğunu qazanmış PSJ-dən fərqli olaraq, “İnter” bu mövsüm A Seriyasında 2-ci yeri tutmuşdu. Rəqiblərin avrokuboklarda ilk şəxsi görüşünün də Çempionlar Liqasının finalına təsadüf etməsi diqqəti çəkirdi.

Qarşılaşma PSJ-nin üstünlüyü şəraitində keçib. Rəqibinin qapısından 5 cavabsız top keçirən Paris təmsilçisi tarixi zəfərə sevinib.

Xatırladaq ki, Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb. UEFA Çempionlar Liqasında ötən mövsümün qalibi də məhz “Real” olmuşdu.

UEFA Çempionlar Liqası
Final
31 may

PSJ (Fransa) – İnter (İtaliya) 5:0
Qollar: Əşrəf Hakimi, 12. Dezire Due, 20; 63. Xviça Kvaratsxeliya, 73. Senni Mayulu, 87.
Münhen. “Münhen Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: