“Leypsiq”in hücumameylli yarımmüdafiəçisi Dani Olmo Almaniya Super Kubokunda “Bayern” üzərində qazandıqları qələbədən (3:0) danışıb.
Arena.az xəbər verir ki, ispan futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Bu, inanılmaz bir çıxış idi. Biz böyük həcmdə iş gördük və çoxlu yaxşı qərarlar qəbul etdik. Mövsümə Münhendə qələbə ilə başlamaqdan daha yaxşı üsul yoxdur.
Bu oyundan topu mütləq öz evimə aparacağam, bu, gözəl xatirə olacaq. Bizim böyük gücə malik gənc komandamız var, çempionatı qazanmaq istəyirik. Görək, davamlı olaraq yaxşı çıxış etsək, nəyə nail ola biləcəyik”, deyə Olmo bildirib.
Xatırladaq ki, bu oyunda Dani Olmo “het-trik”ə imza atıb. “Leypsiq”in baş məşqçisi Marko Roze isə “qırmızı öküzlər”lə özünün ikinci kubokunu qazanıb.
Cari mövsümdə bu, Dani Olmonun ilk oyunudur. Geridə qalmış 2022/2023 mövsümündə Dani Olmo “Leypsiq”in heyətində 31 oyuna çıxıb, 5 qol vurub, 11 məhsuldar ötürmə verib.
O, 2019-cu ildə debüt etdiyi İspaniya yığmasının heyətində 31 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
İspan futbolçunun “Leypsiq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfeermarkt” internet-portalı 25 yaşlı Dani Olmonu 40 milyon avro məbləğində qiymətləndirir.


