Madrid “Real”ının ispan sağ cinah müdafiəçisi Dani Karvaxal “kral kubu” ilə UEFA Çempionlar Liqasında qazandığı 5 qələbədən danışıb.
Arena.az “Marca” nəşrinə istinadən Karvaxalın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bu, sərsəmlikdir! Görünür, bunu təkrarlamaq olmaz. Zamanla biz belə bir nailiyyəti daha çox qiymətləndirəcəyik. Bəzən bu barədə nə qədər xoşbəxt və qürurlu olduğumu yataqda uzanarkən düşünürəm. “Real” tarixinin ən yaxşı dövrlərindən birinin, bəlkə də ən yaxşısının, bir hissəsi idim.
İstəyirəm ki, gedişimdən sonra mənim haqqımda nə vaxtsa burada oynamış ən yaxşı müdafiəçilərdən biri kimi danışsınlar. Zaman bizə bütün bunlara fərqli tərəfdən baxmağa imkan verəcək”, deyə Karvaxal bildirib.
Xatırladaq ki, “Real” 2014-2022-ci illərdə beş UEFA Çempionlar Liqası kubokunu muzeyinə apara bilib. Avropa nəhəngi üç dəfə ardıcıl 2013/2014, 2015/2016, 2016/2017 və 2017/2018, 2021/2022 mövsümlərində Avropanın ən nüfuzlu klub kubokunun qalibi olub.
Vurğulayaq ki, UEFA Çempionlar Liqası adı altında keçirilən turnirdə “Real”dan başqa hələ heç bir komanda nüfuzlu qənimətə ardıcıl sahib ola bilməyib.
Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb və tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib.
Cari mövsümdə Karvaxal “Real”ın heyətində 4 oyun keçirib, 1 məhsuldar ötürmə verib. O, “Real”la bütün mümkün klub turnirlərini qazanıb: 3 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 38 oyuna çıxıb, 6 məhsuldar ötürmə verib və “qırmızı qəzəb”in heyətində 2023 UEFA Millətlər Liqasını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 turnirlərində çempion olub.
Karvaxalın “Real”la müqaviləsi 2015-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.


