“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti yayın sonunda bud nahiyəsindən zədə almış hücumçu Vinisius Juniorun səhhəti haqda danışıb.
Arena.az xəbər verir ki, italyan mütəxəssis braziliyalı futbolçunun durumu barədə bunları dilə gətirib:
“Vinisius yüz faiz sağalıb. O, oynamağa hazırdır. Bəzən futbolçuları ehtiyat oyunçular skamyasında saxlamaq mənə çətin olur, komandamızda rəqabət çox yüksəkdir. Bəzi oyunçular məşqlərdə bütün güclərini verib, amma əsas heyətə daxil edilməyiblərsə, üzülməməlidirlər”, deyə Karlo Ançelotti bildirib.
Xatırladaq ki, Madrid təmsilçisinin braziliyalı sol cinah vingeri avqustun sonlarında “Real”ın “Selta”nı səfərdə məğlub etdiyi oyunun (1:0) lap əvvəlində bud nahiyəsindən zədə almışdı. Müayinə zədənin düşünüldüyündən daha ciddi olduğunu, Vinisiusun altı həftə yaşıl meydandan kənarda qalacağını təxmin etmişdi. Buna rəğmən, Vinisius daha tez sağalaraq sıraya qayıtmağı bacarıb.
Bir qədər əvvəl məlum olub ki, zədədən sağalıb sıraya dönməsinə rəğmən, Vinisius “Real” La Liqanın 6-cı turu çərçivəsində “Atletiko”ya qarşı səfər oyununu buraxmalı olacaq. Buna səbəb “Vinni”də müayinə zamanı aşkarlanmış qastroenteritdir.
“Vinni” “Real”ın cari mövsümdə simasıdır. “Real” komandanı məhz bu futbolçunun ətrafında qurub. Vinisius “kral klubu”na 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan keçib.
Geridə qalmış 2022/2023 mövsümündə o, madridlilərin heyətində 55 oyuna çıxıb, 23 qol vurub, 21 məhsuldar ötürmə verib. Cari mövsümdə isə Vinisius məlum səbəbdən cəmi 3 oyunda iştirak edib, 1 qol vurmağa macal tapıb.
Braziliyalı ulduz “Real”la 2 dəfə La Liqanı (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2019/2020, 2021/2022), Çempionlar Liqasını (2021/2022), UEFA Super Kubokunu (2022/2023), FIFA Klub Dünya Kubokunu (2019, 2023) qazanıb.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 23 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.


