“Real” italyan baş məşqçisi Karlo Ançelotti “kral klubu” ilə müqaviləsinin müddətinin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.
Arena.az bu barədə “Madrid Universal” dərgisinə istinadən məlumat verir:
“Müqaviləmin müddətini uzatmaq istərdimmi? Mən burada, “Real”da çox xoşbəxtəm, bunu hamı bilir. Amma indi bunun vaxtı deyil”, deyə Ançelotti çoxmənalı cavabı ilə müəmma yaradıb.
Məsələ burasındadır ki, mövsümlərarası yay fasiləsində Ançelottinin Braziliya millisini çalışdıra biləcəyi haqda məlumat yayılmışdı. Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes İspaniyaya səfəri zamanı, şifahi açıqlamasında “Real”ın baş məşqçisi Karlo Ançelottinin 2024 Amerika Kubokunda Braziliya millisinə rəhbərlik edəcəyi haqda məlumat vermişdi. Braziliya Futbol Konfederasiyası bu məlumatı rəsmən təsdiqləməsə də, qurumun prezidentinin şifahi olaraq dediyi sözləri təkzib də etməmişdi.
Vurğulayaq ki, müvafiq şifahi razılaşma indiyə qədər heç bir rəsmi sənəddə əksini tapmayıb. Ançelottinin CBF-lə heç bir müqaviləsi yoxdur. Rodriqeslə Ançelotti arasında razılığın ancaq sözdə əksini tapdığı iddia edilir. Məsələdə bütün tərəflər peşəkar mövqeyini qoruyub saxlayırlar.
Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. Ançelottinin rəhbərliyi altında “Real” İspaniya La Liqasını, İspaniya Kral Kubokunu, İspaniya Super Kubokunu, UEFA Çempionlar Liqasını və FIFA Klub Dünya Kubokunu qazanıb.
Hazırda madridlilər 15 xalla La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıblar.


