Siyasət Əsgərov: “Bu dəfə səhvlərə yol vermədik”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının Monteneqro ilə oyununu şərh edib.

Arena.az xəbər verir ki, yığmamız ötən gün UEFA Millətlər Liqasında C Liqasının 3-cü qrupu çərçivəsində Podqoritsada qarşılaşdığı Monteneqro seçməsi ilə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Millimizin baş məqçisi Siyasət Əsgərov bu oyunla bağlı AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Monteneqro millisi ilə oyunun çətin olacağını bilirdik. DÇ-nin seçmə mərhələsində bu rəqiblə qarşılaşmışdıq. Komanda çox güclü futbolçulardan ibarətdir. Oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən sona qədər plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik. Düzdür, rəqibin də qol vurmaq imkanları oldu. Ancaq bu dəfə səhvlərə yol vermədik.

Oktyabr ayında bizi daha iki çətin oyun gözləyir. Səfərdə Farer adaları, evdə isə Monteneqro yığması ilə qarşılaşacağıq. Hər iki oyunda da uğur qazanıb qrup liderliyimizi davam etdirmək istəyirik”.

Xatırladaq ki, yığmamız bu turnirdəki debüt matçını doğma meydanda Kiprə qarşı keçirmiş və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Yığmamızın yer aldığı 3-cü qrupda Kipr və Monteneqrodan başqa Farer adaları da var. Millimizin növbəti matçı məhz Farer adaları yığmasına qarşı olacaq. Bu matç oktyabrın 27-də səfərdə keçiriləcək. Hazırda 3-cü qrupda 4 xala malik Kipr Azərbaycan yığmaları şərikli liderlərdir. Monteneqro və Farer adaları yığmaları isə hələ xal hesabını aça bilməyiblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: