Sonuncu İtaliya çempionu “Napoli” baş məşqçisi, fransız mütəxəssis Rudi Qarsiya ilə yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki qeyri-sabit çıxışı səbəb olub. Belə ki, hazırda “Napoli” İtaliya A Seriyasında 12 turdan sonra 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider “İnter”dən 10 xal geri qalır. Vurğulayaq ki, “Napoli” cari çempion statusundadır. Çempionlar Liqasında isə “Napoli” qrup mərhələsinin 4 turundan sonra 7 xal toplayıb və qrupda 2-ci pillədədir.
Neapol təmsilçisi iyulun 1-də baş məşqçi təyin etdiyi fransalı məşqçinin rəhbərliyi altında bütövlükdə 16 oyun keçirib. Komanda bu görüşlərdə 8 qələbə qazanıb, 4 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Rudi Qarsiya daha öncə İtaliyada “Roma”ya da rəhbərlik edib (2013-2016-cı illər aralığında). 59 yaşlı mütəxəssis “Əl-Nəsr”, “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Lill”, “Le Man”, “Dijon”, “Sent-Etyen” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
Artıq “Napoli”nin yeni baş məşqçisi də məlumdur. Klub bu postu sabiq baş məşqçisi Valter Massarriyə tapşırıb. 62 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna (30 iyun 2024-cü il) nəzərdə tutulub. Klub rəhbərliyi xorvat mütəxəssis İqor Tudorun da təyinatında maraqlı olub. Lakin o, 2 illik müqavilə tələb etdiyi üçün, Neapol təmsilçisi mövsümün sonuna kimi çalışmağa razılıq verən sabiq baş məşqçisi ilə razılığa gəlib.
Xatırladaq ki, Valter Massarri 1998-1999-cu illərdə “Napoli”də köməkçi-məşqçi kimi fəaliyyətə başlayıb. 2009-2013-cü illərdə isə o, bu komandanın baş məşqçisi olub. Bu müddət ərzində Neapol təmsilçisi 182 oyun keçirib, 89 qələbə, 49 heç-heçə, 44 məğlubiyyət görüb.
62 yaşlı Massarri “Kalyari”, “Torino”, “Uotford”, “İnter”, “Sampdoriya”, “Recina”, “Livorno”, “Pistoyeze kimi komandalarda da baş məşqçi olub.



