İspaniya Super Kubokunun yarımfinalında “Real”a qarşı oyun (3:5) “Atletiko”nun fransalı hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu oyunda qol vurmuş Qrizmann “döşəkçilər”in tarixində 174-cü qoluna imza atıb.
Bununla da o, “Atletiko”nun tarixi ərzində ən sərrast futbolçusuna çevrilib.
Buna qədər Qrizmann “Atletiko”nun ən sərrast futbolçusu adını komandanın əfsanəsi Luis Araqoneslə bölüşürdü (hər biri 173 qol).
Amma “Real” əzəli rəqibi “Atletiko”nu əlavə vaxtda 5:3 hesabı ilə məğlub etəmklə, Qrizmanın bayramını korlayıb. “Kral klubu” İspaniya Super Kubokunun finalına yüksəlib.
Antuan Qrizmann “Real Sosyedad” futbol akademiyasının yetirməsidir. Antuan “Atletiko”ya 2014-cü ilin iyulunda elə, “Real Sosyedad”dan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. Cari ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində bütün yarışlarda 27 oyuna 17 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 368 oyun, 174 qol, 80 məhsuldar ötürmə.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı fransalı mərkəz hücumçusu Antuan Qrizmanın transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.


