Florent Musliya “Frayburq”da – Rəsmi

Almaniyanın “Paderborn” klubunun kosovolu sol cinah vingeri Florent Musliya tamhüquqlu əsasda “Frayburq”a keçib.

Arena.az bu barədə Bundesliqa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Frayburq” Musliyanın transferinə 1 milyon avro məbləğində xərc çəkib. Alman klubu kosovolu futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Musliya “Karlsrue”nin yetirməsidir. Kosovolu vinger karyerası ərzində “Hannover” və “Paderborn”da çıxış edib.

Cari mövsümün ilk yarısında Musliya “Paderborn”un heyətində 19 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib.

Florent Musliyanın qənimətlər muzeyində “Karlsrue” ilə qazandığı 2 ədəd Baden Kuboku var.

Florent Musliya 2019-cu ilin sentyabrında debüt etdiyi Kosovo yığmasının heyətində 23 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Florent Kosovo yığmasında debütünə qədər Almaniyanın U-20 yığmasında çıxış edib və 2017/2018 mövsümü Elit Liqanın qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı kosovolu sol vingerin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: