Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün sonuncu – 34-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, mövsümün son oyunlarının hamısı eyni günə təsadüf edib və eyni saatda başlayıb.
Çempionluğu bir neçə öncə təmin etmiş “Bayer” son turda “Auqsburq”u qəbul edib. Leverkuzen təmsilçisi bu oyundan da qalib ayrılıb və çempionluğunu məğlubiyyət üzü görmədən rəsmiləşdirib. Belə ki, komanda keçirdiyi 34 oyundan 28 qələbə və 6 heç-heçə ilə ayrılıb.
Almaniya nəhəngi “Bayern” son turda səfərdə “Hoffenhaym”la qarşılaşıb. İki erkən qol vurmasına baxmayaraq, Münhen təmsilçisi yekunda məğlubiyyətə üzülüb. Bu məğlubiyyət “Bayern”in mövsümü üçüncü pillədə başa vurmasına səbəb olub. Belə ki, həlledici turda evdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşan “Ştutqart” bu rəqibini 4 cavabsız qolla məğlub etməklə 2-ci pilləyə yüksəlib və mövsümü gümüş medallarla bitirib.
Dortmund “Borussiya”sı da “Darmştadt”la ev oyununda 4 cavabsız qolla qalib gəlib.
“Haydenhaym” “Köln”ü, “Union Berlin” “Frayburq”u, “Verder” “Boxum”u xalsız yola salıb. “Volfsburq” evdə “Maynts”a uduzubsa, “Ayntraxt” – “Leypsiq” matçında qalib müəyyənləşməyib.
Beləliklə, çempion “Bayer” mövsümü 90 xalla zirvədə, “Ştutqart” 73 xalla 2-ci, “Bayern” 72 xalla 3-cü pillədə başa vurublar. “Lepysiq” 65, Dortmund “Borussiya”sı isə 63 xal toplamaqla ilk beşlikdə yer alıblar. Bu beş komanda gələn mövsüm Almaniyanı UEFA Çempionlar Liqasında təmsil edəcək.
47 xalla 6-cı olan “Ayntraxt” Avropa Liqasına, 46 xalla 7-ci olan “Hoffenhaym” isə Konfrans Liqasına vəsiqə qazanıb.
“Haydenhaym”, “Verder” və “Frayburq” mövsümü 42, “Auqsburq” 39, “Volfsburq” 37, “Maynts” 35, Mönhenqladbax “Borussiya”sı 34, “Union Berlin” 33 xalla başa vurub.
33 xalla 16-cı olan “Boxum”, 27 xalla 17-ci pillədə qərarlaşmış “Köln” və 17 xalla zirzəmidə yer tutmuş “Darmştadt” Bundesliqanı tərk ediblər.
Almaniya, Bundesliqa
34-cü tur
18 may
Bayer – Auqsburq 2:1
Qollar: Bonifase, 12. Andrix, 27 – M.Kömür, 62.
Borussiya (Dortmund) – Darmştadt 4:0
Qollar: Maatsen, 30. Roys, 38. Brandt, 72. Malen, 88.
Ayntraxt – Leypsiq 2:2
Qollar: Ekitike, 60. Marmuş, 60 – X.Simons, 42. Şeşko, 46.
Haydenhaym – Köln 4:1
Qollar: E.Dinkci, 16; 22. Sessa, 36. Beste, 78 – Tigges, 64.
Hoffenhaym – Bayern 4:2
Qollar: Beyer, 8. A.Kramariç, 68; 85; 87 – M.Tel, 4. A.Deyvis, 6.
Ştutqart – Borussiya (Mönhenqladbax) 4:0
Qollar: Girassi, 23; 31. Yonq, 75. Silas, 83.
Union Berlin – Frayburq 2:1
Qollar: Hollerbax, 68. Haberer, 90+2 – Doan, 85.
Verder – Boxum 4:1
Qollar: Fridl, 6. Yunq, 78. Staqe, 80. Şmid, 87 – Adjey, 85.
Volfsburq – Maynts 1:3
Qollar: K.Paredes, 18 – Qruda, 24. Van den Berq, 72. Burkardt, 85.


