“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın düşərgəsində Toni Kroosun xələfi olaraq Cud Bellingemi görmür.
Arena.az xatırladır ki, iyunun 1-də alman mərkəz yarımmüdafiəçisi Kroos “Real”ın heyətində Dortmund “Borussiya”sına qarşı Çempionlar Liqasının final oyununa çıxacaq.
Bu oyun, Kroosun “qaymaqlılar”ın heyətində son oyunu olacaq. Daha sonra Kross Avropa çempionatına yollanacaq və yarışın başa çatması ilə butslarını mıxdan asacaq.
İtalyan mütəxəssis bildirib ki, ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemi alman yarımmüdafiəçinin davamçısı olaraq qəbul etmir:
“Bellingem “Real”da Kroosun varisidirmi? Xeyr, mən belə düşünmürəm. Cud rəqibin cərimə meydançasına nə qədər yaxın olsa, bizim üçün bir o qədər yaxşıdır”, deyə Ançelotti bildirib.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Cari mövsümdə Bellingem “Real”ın heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 23 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib. Bellingem 19 qolla İspaniya La Liqasının cari mövsümünün ən sərrast futbolçuları siyahısını 3-ci pillədə tamamlayıb. Maraqlıdır ki, Cud həlledici qolları vurması ilə səciyyəvidir. Məsələn, La Liqa çərçivəsində “Barselona” ilə hər iki “el-klasiko”da Bellingem vurduğu həlledici qollarla “blauqrana”nı şəxsən “edam” etmişdi.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024) və İspaniya La Liqasının (2023/2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


